Haqqımızda

Azərbaycan Respublikası Təhsil Nazirliyi “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Milli Aviasiya Akademiyası “Aviasiya meteorologiyası” kafedrası

1. “Aviasiya meteorologiyası” kafedrası haqqında qısa xülasə

“Aviasiya meteorologiyası” kafedrası 1994-cü ildə təsis edilməklə, 2008-ci ilədək “HHİE və meteorologiya” adı altında fəaliyyət göstərmişdir. 2008-ci ildən etibarən isə kafedra müstəqil fəaliyyətini davam etdirir. Kafedra 050507 “Hidrometeorologiya” ixtisası üzrə bakalavr və magistr (060507) hazırlığını həyata keçirir. “Aviasiya meteorologiyası” kafedrasının prioritet istiqaməti mülki aviasiya uçuşlarının meteoroloji təminatının keyfiyyətli təşkilinin həyata keçirilməsi məqsədilə müasir və qabaqcıl texnologiyaları, yenilikləri mənimsəyən istedadlı, savadlı bakalavr və magistrantların hazırlanmasıdır. Kafedrada tədris olunan fənlər aviasiya meteorologiyasının bütün müasir aspektlərini və sahələrini tam əhatə edir. Bu məqsədlə kafedranın nəzdində Havada Hərəkətin İdarə Edilməsi, Uçuş mühəndisliyi və Hidrometeorologiya ixtisasları üzrə üç ixtisaslaşdırılmış auditoriya təsis edilmişdir. Kafedra 2012-ci ildən magistratura təhsil pilləsinə qəbul həyata keçirir. Tədris prosesində ən qabaqcıl tədris-metodiki üsullar tətbiq edilir. Kafedrada təhsil alan magistrantların elmi işləri hidrometeorologiya sahəsində ən müasir problemlərə dair məsələləri əhatə etməklə, “Hidrometeorologiya” ixtisası üzrə müasir elmi biliklərə malik elmi-pedoqoji kadrlar hazırlanır. Kafedranın professor-müəllim heyəti respublikanın müxtəlif qabaqcıl, nüfuzlu istehsalat sahələrindən tədrisə cəlb edilməklə, kafedranın elmi-tədqiqat işlərində yaxından iştirak edirlər.

Kafedrada elmi-tədqiqat işləri, onların vəziyyəti, əldə edilən nəticələr və onların tədris prosesində səmərəli tətbiqi kafedrada hər zaman prioritet məsələlərdən hesab edilir. Kafedra tələbələrinin müstəqil elmi-tədqiqat işləri üzərində işləməsi üçün kafedrada onlara hər cür şərait yaradılmışdır. Belə ki, kafedrada tələbələrin səmərəli elmi-tədqiqat fəaliyyətinin tənzimlənməsi üçün onlar profil hesab edilən müəssisələrə (“Azərbaycan Hava Yolları” QSC “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Aviasiya Meteoroloji Mərkəzinə və həmçinin digər aviasiya meteoroloji təminat şöbələrinə) aparılır, orada təcrübi biliklərə yiyələnirlər. Kafedrada elmi-tədqiqat işlərinin hazırlanması zamanı müəllim və tələbələrin birgə qarşılıqlı fəaliyyəti təmin edilir.

“Aviasiya meteorologiyası” kafedrasının fəaliyyət sahələrindən biri MAA-nın “Pilotların Hazırlığı Mərkəzi”nin Nəzəri Hazırlıq şöbəsində Azərbaycan Respublikasının beynəlxalq və yerli hava limanlarında və vertodromlarda fəaliyyət göstərən mülki aviasiya personalına (Aviasiya meteorologiyası, HHİE orqanlarının dispetçerləri, uçuş heyəti) aviasiya meteorologiyası üzrə ilkin və ixtisasartırma kurslarının həyata keçirilməsidir. İxtisasartırma kurslarında aviasiya personalı üçün tədris prosesində kafedranın professor-müəllim heyəti tərəfindən aviasiya meteorologiyası, uçuşların meteoroloji təminatının müasir məsələləri, yeni texnologiyaların tətbiqi haqqında geniş məlumat verilir.

“Aviasiya meteorologiyası” kafedrasının məzunları Azərbaycan Respublikasının beynəlxalq və yerli hava limanlarında, Milli Hidrometeorologiya Xidmətində, Su Ehtiyatları Dövlət Agentliyində, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində, Müdafiə Nazirliyinin hərbi aerodromlarında həmçinin digər dövlət və özəl müəssisələrdə işləyirlər. Kafedrada bir neçə istiqamət üzrə elmi araşdırmalar və tədqiqatlar üzərində iş aparılır. Bunlar əsasən aviasiya meteorologiyasının fundamental problemlərinə, mülki aviaisiya uçuşlarının meteoroloji təminat məsələlərinə, təhlükəli meteoroloji hadisələrin fiziki-statistik təhlilinə və proqnoz üsullarına, müasir iqlim dəyişmələrinə antropogen amillərin və eləcə də hava nəqliyyatının təsirinin qiymətləndirilməsi, beynəlxalq reqlamentləşdirici rəhbər sənədlərin operativ praktikada tətbiqi və onların tədrisi və s. məsələlərdir.

Kafedrada hal-hazırda “Hava proqnozlarının tərtib olunmasında rəqəmsal proqnoz üsullarının tətbiqi”, “Azərbaycan ərazisində baş verən müasir iqlim dəyişmələrinin müxtəlif metodlarla təhlili”, "Uçuşların meteoroloji təminatının müasir problemləri", "Uçuş marşrutları üzrə aviaiqlim xüsusiyyətləri", "Atmosfer termodinamikasının əsas problemləri" kimi prioritet elmi istiqamətlər üzərində elmi-tədqiqat işləri davam etdirilir. Qeyd edilən elmi istiqamətlərə dair kafedra əməkdaşlarının bir çox elmi məqalələri, tezislər və metodik vəsaitləri çap olunmuşdur. Hal-hazırda kafedrada 5 nəfər dissertant, 7 nəfər magistrant dissertasiya mövzuları üzrə elmi-tədqiqat işlərini davam etdirirlər. Kafedranın tərkibi 2 professor-elmlər doktoru, 2 dosent-elmlər doktoru, 2 baş müəllim, 3 müəllim, 1 böyük laborantdan ibarətdir.

2. Tədris-metodiki avadanlıq və vasitələr İlə təminatı

Auditoriyalarda 050507-“Hidrometeorologiya” ixtisası üzrə əsas ixtisas fənlərini əhatə edən fənlərə dair bir çox əyani tədris vəsaitləri, stendlər, bir çox illustrativ materilları əks etdirən şəkil və sxemlər, həmçinin, ən yeni avtomatik meteoroloji sistemlərdən (avtomatlaşdırılmış meteoroloji brifinq sistemi, peyk və radar meteoroloji məlumatlarını əks etdirən sistemlər, avtomatik meteoroloji meydançanın meteoroloji məlumatları və s.) tədrisdə geniş istifadə edilir. Belə ki, kafedrada hidrometeoroloqlar üçün əsas seçmə ixtisas fənləri məhz qeyd edilən ixtisaşlaşmış auditoriyalarda tədris edilir. Kafedranın nəznində olan auditoriyalar aşağıdakılardır:

1. IV tədris korpusunda 207 və 208 nömrəli auditoriyalar. Bu auditoriyalarda kafedrada əsas ixtisas fənləri tədris edilir. Belə ki, 208 nömrəli auditoriya iqlimşünaslıq istiqaməti üzrə stend və plakatlarla təmin edilmişdir. 207 nömrəli auditoriyada isə kafedranın əsas ixtisas fənlərinin mövzularına dair ən aktual tənliklər sistemlərindən ibarət stendlər vardır. Auditoriyalarda mövcud olan müxtəlif əyani tədris vəsaitləri, stendlər, plakatlar tədrisdə geniş istifadə edlir.

2. IV tədris korpusunda 203 nömrəli auditoriya. Kafedranın 203-cü auditoriyası aşağıdakı avtomatik meteoroloji sistemləri və məlumat mənbələri ilə təchiz edilmişdir:

- Avtomatlaşdırılmış Meteoroloji Brifinq Sistemi;
- SADİS FTP meteoroloji peyk sistemi;
- WRM200 avtomatik doppler meteoroloji radiolokatoru;
- Avtomatik aviasiya meteoroloji stansiyanın (AWOS) məlumatları;
- Müxtəlif meteoroloji şəraitlərə aid OPMET məlumatlarına dair stendlər;


Kafedranın tədris-metodiki vasitə və avadanlıqlarından biri də MAA-nın ərazisində təhsil alanların praktiki biliklərinin daha da təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin artırılması məqsədilə salınmış meteoroloji meydançadır. Avtomatik meteoroloji meydança, orada quraşdırılan meteoroloji cihazlar və onların elektron göstəriciləri MAA-nın hidrometeorologiya, uçuş mühəndisliyi və hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi üzrə təhsil alan tələbələrin praktiki, məşğələ dərslərinin daha operativ tədrisi üçün nəzərdə tutulmuşdur. Avtomatik meteoroloji meydançada mülki aviasiya uçuşlarına təsir göstərə biləcək meteoroloji parametrlərin, küləyin istiqamət və sürəti, meteoroloji görünüş məsafəsi, buludların aşağı sərhəddinin hündürlüyü, havanın və şeh nöqtəsinin temperaturu, atmosfer təzyiqi avtomatik sensorlu cihazlarla ölçülür. Qeyd edilən avtomatik meteoroloji ölçmə avadanlıqlarının müşahidə nəticələri optik kabellər vasitəsilə kafedranın 203 nömrəli xüsusi ixtisaslaşdırılmış auditoriyasında kompüter monitorunda əks edilir. Meteoroloji məlumatlar displeylərdə müntəzəm olaraq bir dəqiqədə 4 dəfə (15 saniyədən bir olmaqla) yenilənir. Sensorlu avtomatik meteoroloji ölçmə avadanlıqlarının elektron müşahidə göstəriciləri komputerdə müntəzəm olaraq arxivləşdirilir.